Gündəm / Hadisə

Bakıda küçəyə atılan qadınla bağlı - Rəsmi açıqlama


 Sosial şəbəkədə Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 51 ünvanında bir qadının küçəyə atılması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, qadını ayda bir neçə dəfə gətirib günlərlə qeyd olunan ünvana qoyurlar. Məlumata görə, qadının həm də əlilliyi var. Yaxınları tərəfindən küçəyə atıldığı iddia olunan qadın gecəni də qeyd olunan ünvanda keçirir.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etdik.
Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov sözügedən şəxs barədə Sosial Xidmətlər Agentliyinə məlumat daxil olduğu bildirib.
Onun sözlərinə görə, məlumat verilən andan etibarən Agentliyin əməkdaşları tərəfindən onun axtarışı və ehtiyaca uyğun olaraq Agentliyin aidiyyəti müəssisəsinə yerləşdirilməsi barədə proses başlanıb.
Məlum olub ki, haqqında danışılan qadın Ucar şəhərində qeydiyyatda olan Məlahət Əsgərzadədir:
“Əməkdaşlarımız Məlahət xanımla söhbət apararaq problemi və küçədə qalma səbəbi ilə maraqlanıblar. Ona ünvanlanan suallara dolğun cavablar verməsə də, məlum olub ki, qadının övladlarından biri Bakıda yaşayır.
Məlahət Əsgərzadə əməkdaşlarımıza və əraziyə dəvət olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarına övladlarının əlaqə nömrəsini təqdim etməyə, həmçinin, onlarla əlaqə qurmağa etiraz edərək, tək yaşamaq istədiyini bildirib.
Vətəndaşa hüquqları izah edilərək, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, razılığı olacağı təqdirdə onun Sığınacağa yerləşdirilməsinə lazımi dəstək göstəriləcək.
Ancaq təəssüf ki, Məlahət xanım müəssisəyə getmək istəmədiyini bildirərək etiraz edib, bütün cəhdlərimizə mənfi reaksiya verib”.