Gündəm / Siyasət

Yaqublunun döyülmə ssenarisi: kim və niyə qurub? – Şok detallar


 Ötən gün erməni siyasi şərhçi Ambarsum Kabanyan açıq şəkildə elan etdi, dedi ki, Ermənistanın tarixi şansı var idi, böyük işlər görülmüşdü, pullar tökülmüşdü, diasporumuzun əsas işi bundan ibarət idi – 15 dekabr Brüsseldə baş tutacaq sammitdə İlham Əliyev ilə Nikol Paşinyanın görüşü və bu zaman bəzi Qərb ölkələrinin İrəvanın maraqlarını qoruması!
Kabanyan dolayısı ilə bildirdi ki, bu görüşün hazırlanmasına uzun aylar hazırlaşıblar, erməni diasporu onmilyonlar xərcləyib, ancaq Vladimir Putin 26 noyabr Soçi görüşü ilə hər şeyi məhv etdi.
Bu fakt Paşinyanın 9 noyabr görüşündən niyə qaçdığının əsas səbəbini anlamaq üçün möhtəşəmdir!
Erməni siyasi şərhçi Soçi görüşünün qalibinin İlham Əliyev olduğunu da etiraf etdi.
Ancaq onun açıqlamasında əksini tapmayan iki məqam vardı: Birincisi Soçi görüşünün təşkilində İlham Əliyevin roludur.
Rus mütəxəssislər Soçi görüşündə imzalanan bəyanatın az qala “hərfinə qədər” İlham Əliyev tərəfindən diktə edildiyini bildirdilər və bunun sübutları var. Putinin İlham Əliyevi qarşılanmasındakı “bədən dili”, görüş jesti isə iki lider arasındakı münasibəti tam ifadə edirdi.
İkincisi, Soçi görüşü sərhəd və yaxud keçmiş “Qarabağ məsələsinin”, həmçinin erməni iddialarının üstündən xətt çəkdi, Kabanyanın sözləri ilə desək, aylarla görülən işlər məhv oldu və burada İlham Əliyevin vaxtı qabaqlayan fəaliyyəti misilsizdir. Ancaq erməni diasporunun “xərclədiyi” vəsaitlər də boşuna getmir – proses davam edir, Brüssel görüşündə ən azı Bakıya təzyiq etmək üçün hansısa formada hazırlıqlar aparılır və hazırda bu hazırlıqlar “ən pik səviyyə”yə qalxıb.
Bunlar sırasında Tofiq Yaqublunun ötən gün döyülməsindən tutmuş Saleh Rüstəmlinin azad edilməməsinə qədər, hər zad var.
Hər kəs bununla maraqlanır: 30 noyabr Xızı faciəsindəki şəhidlərimizin dəfn törəni günü bu icazəsiz aksiyanın keçirilməsi nə qədər önəmli idi? Niyə bu aksiya heç olmasa bircə gün ertələnmədi?
Müxalif cəbhədə də hər kəs aksiyanın ən azı 2-3 gün təxirə salınması vacibliyindən danışır.
Adi səbəbdir – ertələnə bilməzdi, vaxt azdır və əvvəlcədən hər şey düşünülmüşdü. Ən qısa müddətdə T.Yaqublunun döyülmüş vəziyyətdə olan foto-videoları dünyaya yayılmalıydı axı, hər şey hazırlanmışdı, qurulmuşdu və nəticəyə köklənmişdi axı! Bunu necə təxirə sala bilərdilər?
Elə Tofiq Yaqublu da döyülməsindən sonra mediaya verdiyi açıqlamada bildirdi ki, görək, İlham Əliyev Şərq Tərəfdaşlığı zirvəsində buna nə cavab verəcək.
Açıq və net! Ssenarinin bundan gözəl etirafı ola bilməzdi!
30 noyabr faciəsi gözlənilmədən ortaya çıxmışdı. Ona görə də bir gün sonraya müəyyənləşdirilən ssenarini təxirə salmaq vacib idi, ancaq olmazdı – öhdəliklər var, plan var, bundan ötrü vaxt və zaman sərf edilib, pul xərclənib!
Ən dəhşətlisi odur ki, bu ssenarinin həyata keçməsi və hədəfinə çatması üçün Tofiq Yaqubluya təzyiq edənlər və onu döyənlər nə mümkündürsə, onu da etdilər.
Bu, nədir? Qurulmuş tələyə düşmək, yoxsa məlum ssenarinin tərkib hissəsi olmaq?
Tofiq Yaqublunun üz-gözü və döyülmə səviyyəsi olayın əsəb, qıcıqlanma və gərginlikdən doğmadığı, əvvəlcədən düşünüldüyü şübhəsini doğurur.
Nə təəssüf ki, proses davam edir: hüquq-mühafizə orqanları dərhal hərəkətə keçmək və prosesin mahiyyətini aydınlaşdırmaq əvəzinə təkzib edirlər.
Bəlkə də ssenari kənarda cızılıb; bəlkə də prosesdən məlumat yoxdur. Ancaq heç olmasa indi bu təxribata qarşı operativ reaksiya verilməlidir.
Mümkündür ki, araşdırma da gedir, artıq cavabdehlər də müəyyən edilib və hüquq-mühafizə orqanları öz üzərlərinə düşən funksiyanı yerinə yetirirlər. Ancaq ictimai piar arzulanan səviyyədə deyil, bu isə erməni diasporunun Brüssel görüşünə necə hazırlaşdığı haqda Kabanyanın elan etdiyi faktlara diqqəti çəkir.
Daxili təxribatlar ölçülü-biçili şəkildə, ardıcıl, sistemli formada gedir və hər keçən gün çoxalmaqdadır. Bir müddət öncə qeyd etmişdik: “Tərtər işi” haqda şahidlərin müsahibələrinin məhz indi bu qədər sürətlə yayılması təsadüf deyil; heç cəmi 4-5 adamın çıxdığı “aksiyaya” o cür müdaxiləyə də qəti ehtiyac yox idi...
Nə baş verdiyini anlamaq getdikcə çətinləşir: İlham Əliyev bu xalqa elə bir qələbə bəxş edib ki, onun hakimiyyətinə qarşı çıxmaq mümkün deyil, bu gün seçki olarsa, yəqin ki, İlham Əliyev ən azı 99% səs alacaq.
Azərbaycanın düşmənləri isə İlham Əliyevin bu qədər böyük reytinqi qarşısında heç nə edə bilməyəcəklərini anlayırlar, ona hansısa təzyiqin mümkün olmadığını görürlər və buna görə də təxribatlar bir-birinin ardınca düzülür: qəsdən Vətən müharibəsindəki qələbənin həcmini azaltmaq, ölkə idarəetməsində problem olduğunu qabartmaq və ən yüksək səviyyədə etirazları körükləmək üçün təbliğata, Bakıya təzyiq “vasitəsi” hazırlamaq üçünsə təxribatlara yol verilir.
Ən çox təəssüfləndirici odur ki, bu təbliğat və təxribatlara hakimiyyət içindən sanki gözəgörünməz dəstək də gəlir.
Məsələn? Azərbaycan dilində danışa bilməyən xanım necə gənclər və idman nazirinə müavin olur? Onun təyinatından saniyələr sonra rüsvayçı rəqsi necə bütün sosial şəbəkələrdə tirajlanır və əsaslı bir kampaniyanın başmalasına start verilir?
Bu ölkənin əxlaq, mənəviyyat və ənənə daşıyıcısının simvoludur Mehriban xanım Əliyeva! Onun dini, milli dəyərlərə münasibəti heyrətamizdir və Mehriban xanıma böyük sevginin səbəbi də bu olub, budur: TV-lərdə əxlaqdankənar verilişlərin bağlanması təşəbbüsündən tutmuş Prezident İlham Əliyevin məscidə girərkən ayaqqabılarını çıxarmasına qədər – o məscid ki, quru torpaqdır, işğaldan yeni zad edilib, təmirsiz, baxımsızdır və dünənə qədər orda donuz saxlanılıb – hər ənənə qoruyuculuğunda Mehriban xanımın adı keçir.
Diqqət edirsinizmi? Təpədən dırnağa milli, ənənələrə sadiq, “Ey Vətən”in sədalarından ayrılıb maşından düşə bilməyən, Cıdır düzündə şəkərburalı çay içən, qədim ənənə ilə əl-ələ verib, ağac gövdəsinə sarılıb, arzu tutan Prezident ailəsi və “dirty dans” oynayan yeni təyin edilmiş nazir müavini!
Təsəvvür edirsinizmi? Azərbaycanın maraqlarından bir addım da geri çəkilməyən, 44 günlük döyüşü bütün daxili təxribatlara rəğmən təkbaşına idarə edən, qalib gələn, “status”u gorbagor edən, rəqibini bütün arenalarda – döyüşdə, sammitdə, görüşdə - darmadağın edən, Türk Birliyi yolunda bütün özülü çiynində daşıyan və bunun iqtisadi-logistik təməllərini tökən İlham Əliyevin yaratdığı yeni və möhtəşəm geosiyasi reallığa Tofiq Yaqublunun döyülməkdən şişən və görməyən gözləri ilə “baxmaq” istəyi!
Bu təxribatların, İlham Əliyevə qarşı xarici təzyiqi formalaşdırma cəhdlərinin, daxildə hakimiyyətin nüfuzunu azaldacağı ehtimal edilən addımların koordinatoru, maliyyəçisi kimdir, bilmirik, ancaq icraçılar ki ortadadır!
Yəni heç yerdə işləmədən ən azı, orta həyat tərzi keçirən, təbliğatları üçün ayda 10 min dolları yalnız Yutub sosial şəbəkəsinə yatırmağa imkanı olan fərdlərin maliyyə mənbələrini və o maliyyəçilərin əsas hədəflərini görmək o qədərmi çətindir?