Gündəm / Hadisə

Narkotiki internetdən satıb pulu kriptovalyuta ilə ölkədən çıxardılar


 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sosial şəbəkələrdə onlayn narkotik satan daha bir şəbəkəni ifşa edib.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şəbəkəni idarə edən qadın və 19 üzvü saxlanılıb. İfşa edilən şəbəkənin ölkə daxilində narkotiklərin satışından əldə edilən  külli miqdarda pul vəsaitinə nəzarət etdiyi məlum olub.

"İnstagram" və digər sosial şəbəkələr vasitəsilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin monitorinqi aparılıb və əldə edilən məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, "İnstagram" sosial şəbəkəsində açılmış səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən "patı", "şüşə" adlanan metamfetamin və "kola", "kakos" adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri "Whatsapp" ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. "İnstagram" sosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və Nazirliyin "Facebook" şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.