Gündəm / Cəmiyyət

Veysəloğlu Şirkətlər Qrupu gənc şahmatçılara dəstəyini davam etdirir


Veysəloğlu Şirkətlər Qrupu on ildən artıqdır ki, korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq yüksək intellekt tələb edən şahmat idman növündə gənc idmançıların karyerasına dəstəyini davam etdirir.
Şirkətlər Qrupunun dəstəklədiyi şahmatçılarımız Azərbaycan bayrağını dünyanın müxtəlif ölkələrində dalğalandırır və ölkəmizə idman sahəsində qələbə sevinci yaşadırlar.
2019-cu ildə 14 yaşında Avropa çempionu adını qazanan Aydın Süleymanlı, “Beynəlxalq dərəcəli usta” adına layiq görülən 19 yaşlı Kənan Qarayev və 11 yaşlı Ayan Hüseynli Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi şahmatçılar sırasındadırlar.
Qeyd edək ki, Aydın Süleymanlı Avropa və Dünya çempionatlarında, yeniyetmələr arasında keçirilən şahmat olimpiadalarında dəfələrlə qızıl medal qazanıb. Yeniyetmə şahmatçımız Rusiyada keçirilən “Aeroflot Open” turnirinin qalib olaraq 1-ci yerə layiq görülüb, “İlin ən yaxşı gənc şahmatçısı” seçilib. Həmçinin Hindistanda 14 yaşadək şahmatçılar arasında keçirilən oyunda dünya çempionu olub, beynəlxalq dərəcəli şahmatçı normasını 4 dəfə yerinə yetirib.
Kənan Qarayev isə şahmat üzrə 4 qat Bakı çempionu və 2 qat Azərbaycan çempionudur. Yunanıstanda keçirilən məktəblilər arasında şahmatın “Rapid” növü üzrə dünya çempionatının qalibi olaraq 1-ci yerə layiq görülüb. Beynəlxalq turnirlərdə müxtəlif kateqoriyalar üzrə şahmatçılar sırasında birinciliyi əldə edib. FİDE ustası adını qazanan şahmatçımız Rusiya Federasiyasında ardıcıl keçirilən üç turnirdə beynəlxalq norma balını toplayaraq “Beynəlxalq dərəcəli usta” adına layiq görülüb.
Ölkəmizdə təşkil olunan bir sıra yarışmalarda dəfələrlə birinciliyi əldə edən Ayan Hüseynli beynəlxalq turnirlərdə iştirak üçün vəsiqə qazanıb. Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi şahmatçımız Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum gününə həsr olunmuş onlayn şahmat turnirində 10 yaşlı şahmatçılar arasında 2-ci yerə layiq görülüb.
Veysəloğlu Şirkətlər Qrupu “20 İyul – Beynəlxalq Şahmat Günü” münasibətilə idmançılarımızı təbrik edir və gələcək turnirlərdə onlara qalibiyyət arzulayır!