Gündəm / Cəmiyyət

Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib


Qanunvericiliyin icra mexanizmlərinin effektivliyinin artırılması əlverişli biznes mühitinin formalaşdırılmasında böyük əhəmiyyət daşıyır. Bu baxımdan, vergi ödəyiciləri, biznes assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq, vergi sahəsində qarşıya çıxan məsələlərin müzakirə edilməsi və təkliflərin öyrənilməsi, qanunvericilik və inzibatçılığın təkmilləşdirilməsi vacib amillərdəndir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən biznes assosiasiyaları ilə keçirilən müzakirələrin davamı olaraq, bir sıra kommersiya şirkətlərinin mühasiblərinin və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd iş prosesi zamanı mühasiblərin qarşılaşdıqları inzibati və texniki problemlərin müzakirə olunması, müvafiq izahların verilməsi və ya düzəlişlərin edilməsi olub. Görüşdə bir sıra bölmələr üzrə - elektron qaimə-faktura, şəxsi hesab vərəqəsi, elektron kabinet, sərəncamların icrası, idxal əməliyyatları üzrə rəsmiləşdirmələr və s. mövzularda toplanmış və emal edilmiş 100-ə yaxın fərqli təklif ətraflı müzakirə edilib. Tədbirdə sadalanan bir sıra problemlərin artıq öz həllini tapdığı, bir qisminin həll edilməsi üçün zəruri düzəlişlərin tətbiq olunacağı, bəzi təkliflərin isə texniki imkanlar nəzərdən keçirildikdən sonra mərhələli şəkildə təmin ediləcəyi diqqətə çatdırılıb.
Səmərəli keçən görüşdə sahibkarlıq subyektlərinin inzibatçılıq yüklərinin azaldılması və optimallaşdırılması istiqamətində tədbirlərin davamlılığı, dövlət-biznes münasibətlərində dialoq platformasının bundan sonra da inkişaf etdiriləcəyi vurğulanıb.