Gündəm / Tədbirlər

Göyçay rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı qeyd edildi


 28 dekabr 2019-cu il tarixdə Göyçayda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il tədbiri keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsinin ehtiramla yad etdilər.
Rayon İcra Hakimiyyətində davam edən tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni 2020-ci il münasibətilə rayon sakinlərini təbrik edərək, bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda dünyaya gəlmiş, böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələrinin də qeyd etdiyini vurğuladı.

Rayon ağsaqqaları adından rayon Veteranlar Təşkilatının sədri Atəş Salahov,rayonda məskunlaşmış məcburi köçkünlər adından Səməd Həsənov və gənclər adından Yeni Azərbaycan Partiyası rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Əhmədov çıxış edərək bildirdilər ki, Bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, müstəqillik əldə etdiyimiz vaxtdan bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il milli birlik və həmrəylik günü kimi qeyd edilir. Bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq və vətənə bağlılıq ideyaları təşkil edir.



Sonra Rayon İcra Hakimiyyətinin başçısı il ərzində fəaliyyəti ilə fərqlənən bir qrup şəxsi fəxri fərman və təşəkkürnamə il təltif etdi.
Tədbir rayonun Mədəniyyət Mərkəzinin incəsənət ustalarının ifasında bayram konserti ilə davam etmişdir.