Gündəm / Hadisə

Aprel şəhidi Teymur Qasımov Göyçayda anıldı




 Göyçay rayon İcra Hakimiyyətinin başçısı 2016-cı ilin aprel döyüşləri zamanı cəbhənin Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Qasımov Teymur Mikayıl oğlunun ildönümü münasibətilə kənd sakinləri və şəhidin ailə üzvləri ilə birlikdə Çaxırlı kənd qəbiristanlığına gedərək şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzmüşlər.
 Rayon İcra Hakimiyyətinin başçısı şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Teymur Qasımovun xatirəsinin göyçaylıların qəlbində əbədi yaşayacağını qeyd edərək şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisasının alındığını bildirmişdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Teymur Qasımov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən Göyçay şəhərinin 49-cu məhəlləsindəki küçələrdən birinə Teymur Qasımovun adı verilib.
 Şəhidin atası Mikayıl Qasımov oğlu ilə qürur duyduğunu bildirərək şəhidlərin ölməzliyindən, onların əziz xatirəsinin daim yad edilməsindən söz açıb. Mikayıl Qasımov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.