Gündəm / İqtisadiyyat

"Şahdəniz" yatağında qaz və kondensat hasilatı artıb


2020-ci ilin ilk doqquz ayında "Şahdəniz" qaz yatağının "Şahdəniz Alfa" və Şahdəniz Bravo" platformalarından ümumilikdə təqribən 13,3 milyard standart kubmetr qaz və 2,7 milyon ton (21,6 milyon barel) kondensat hasil olunub.
Bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat veririk.
2019-cu ilin eyni dövrü ərzində 12,2 milyard standart kubmetr qaz və 2,6 milyon ton (21 milyon barel) kondensat hasil olunmuşdu.
Üçüncü rüb ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.
"Şahdəniz" yatağında mövcud qurğuların hasilat gücü gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.
2020-ci ilin ilk üç rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə 620 milyon dollara yaxın əməliyyat xərcləri və 719 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.