Gündəm / Siyasət

Yerevanda nahaq yerə fikirləşirlər ki, KTMT onlara kömək edəcək - Prezident Administrasiyası


Yerevanda nahaq yerə fikirləşirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) onlara kömək edəcək.
Prezident Administrasiyasının xarici KİV-lər və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov “NEWSru.co.il” saytına müsahibəsində deyib
O bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin 150 kilometr dərinliyinə daxil olub və iri beton bloklar vasitəsilə müdafiə xətti yaradıb:
“Hansı ölkə bunlara dözər? Onlar həmişə təxribatlar törədib, ona görə də biz onların həmləsini gözləmişik və buna yaxşı hazırlaşmışıq. Sual yaranır: erməni ordusunun əsgərlərinin Azərbaycan ərazisində, Ermənistan sərhədindən 150 kilometr uzaqda nə işi var? Onlar atəşkəsi pozub, Gəncə şəhərini atəşə tutub, orada insanlar həlak olub. Biz hərbi obyektlərə zərbə endiririk, onlar isə mülki obyektlərə. Bəs deyilmiş kimi, Yerevan kömək üçün KTMT-yə müraciət edib. Amma KTMT də, BMT kimi ərazi bütövlüyü prinsipini tanıyır. Yerevan nahaq yerə ümid edir ki, KTMT onlara kömək edəcək”.
Münaqişədə xarici iştirakçıların rolundan danışan F.Axundov bildirib ki, Rusiya münaqişəni dayandırmağa çalışır:
“O, ermənilərin ümid etdiyi kimi münaqişədə iştirak etmir, əksinə, çox ağıllı davranır. Türkiyəyə gəldikdə isə, o, bizə qardaş ölkədir. Onlar bizi mənəvi dəstəkləyir. Başqa cür dəstək bizə lazım deyil, bizim kifayət qədər güclü ordumuz var”.
F.Axundov vurğulayıb ki, Azərbaycan çiçəklənən diyardır və 80 faiz ərazisinə böyük pullar yatırır:
“Ermənilər isə işğal olunmuş 20 faiz əraziyə girib və Qarabağdakı erməni xalqını Azərbaycanın təqdim etdiyi imkanlardan yararlanmağa qoymur. Bütün ölkə çiçəklənir, amma onlar istəyir ki, Qarabağ erməniləri də Ermənistandakı kimi yoxsulluq içində yaşasın”.