Gündəm / Sosial

Əsrin müqaviləsi


Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da mökəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

Heydər Əliyev

Dərin mənəvi, mədəni, elmi iqtisadi potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur.Bu sərvətlər içərisində neft əsas yer tutur.

Tarixi araşdırmalar göstərir ki, hələ e.ə. VI-VIl əsrlərdə Azərbaycan ərazisində neft çıxarılmışdır. Bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı isə XIX əsrin ortalarından başlanmışdır. 1844-1848-ci illərdə Xəzər dənizi sahillərində – Bibiheybətdə mexaniki üsulla ilk neft quyusu qazılmışdır. Artıq 1899-cu ildə isə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. Neft sənayesinin inkişafının başlanğıcı da bu dövrdən hesab olunur. 1949-cu ildən Azərbaycan neftçiləri dünya miqyasında böyük nailiyyət qazanmış, məşhur neft daşlarında ilk dəfə fontan almağa nail olmuşdurlar. Beləliklə, Azərbaycan dünyada dənizdən neft çıxarılmasının əsasını qoymuşdur. Ümumiyyətlə bütün dünyada neftin çıxarılması və hasil edilmiş neftin və emalı təcrübəsi məhz Azərbaycanda başlamışdır. Belə ki, neftin istehsalı artdıqca, emal sənayesi də yaranıb formalaşırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir. Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır. XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi –texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır.

70-ci illərin əvvəllərindən etbarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər onun uzaqgörən planlarının – Azərbaycanı “Əsrin müqaviləsi”nə, deməli, xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi.
Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasının əsas vasitələrindən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyyətlər, savatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirirdi. Eyni zamanda aparılan danışıqlarda isə Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu.

Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin axırlarında aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafeyini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Yəni, Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından tanış olmuşdur. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azərbaycan prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün tədbirlər görməyə başladı. Elə ilk gündən ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü ilin sentyabrının 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 8 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü “ sazişi – “Əsrin müqaviləsi” imzalandı.

Azərbaycanın son 10 ildə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəldilmişdir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. “Əsrin müqaviləsi” imzalanandan dərhal sonra neft kəmərinin çoxvariantlılığı məsələsi gündəmə gəlmiş və bu, təkcə iqtisadi deyil, həm də siyasi amillərlə şərtlənmişdir. O zaman ARDNŞ-nın birinci vitse-prezidenti İlham Əliyevin danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşurutları barədə optimal qərarlar qəbul edilmişdir.

1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi “ adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. Bu müqavilə təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. “Əsrin müqaviləsi “ində dünyanın 8 ölkəsinin (Azərbacan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.

1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş verdi. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze və Ukrayna prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. “Çıraq” yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanıldı və ilk dəfə olaraq Azərbaycan nefti Şimala yox, Qərbə istiqamət götürdü.

Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədər neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac-boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.
1996-cı ilin yanvar ayında “Azərbaycan neftinin Bakı Novorossiyisk marşurutu ilə nəql edilməsi haqqında” Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verilmişdir. 1997-ci ildə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşurutu ilə nəqli nəzərdə tutulan saziş imzalanmışdır. 1999-cu ilin 17 aprelində Azərbaycan, Gürcüstan, Ukrayna prezidentlərinin iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.

İlham Əliyev Azərbaycan siyasətinə elə bir məqamda gəlmişdir ki, o dövrdə neft strategiyası ölkənin xarici siyasət prinsiplərini müəyyənləşdirən həlledici amilə çevrilmişdir. Həmin illərdə ARDNŞ-nın birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev ölkənin yeni neft strategiyasının həyata keçirilməsində məsul şəxslərdən biri kimi tanınmışdır.

Son illər ərzində Azərbaycan iqtisadiyyatının lakomotivinə çevrilən neft sektoru ölkəmizin qüdrətinin yüksəlməsinin əsas təkanverici qüvvəsi olmuşdur. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gedişində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstanın Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsi”nə dair saziş imzalamışlar.2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanılmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. Bütün bunlar neft strategiyasına təkan verən əsas amildir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası Azərbaycanın dinamik inkişafına ciddi təkan versə də, iqtisadiyyatın bir qütblü inkişafı ölkə başçısını razı sala bilməzdi. Dəfələrlə öz nitqində bəyan etmişdir ki, neft bizim üçün məqsəd deyil, sadəcə qarşıda duran məqsədləri reallaşdırmaq üçün vasitədir. Unutmaq olmaz ki, neft tükənən, bərpa olunmayan təbii ehtiyatdır. Bu baxımdan neftdən qazanılan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinin inkişafına yönəldilməsi, qeyri-neft sektorunun, emal sənayesinin, kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəldilməlidir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi həmçinin işsizlik probleminin həlli baxımından vacib amildir.

Ümummilli liderimiz həmişə qeyd etmişdir ki, neft Azərbaycanın bütün nəsilləri arasında ədalətli və bərabər bölünməlidir.

Bu məqsədlə Heydər Əliyev Dövlət Neft Fondunu yaratmışdır. Bəyan etmişdir ki, Dövlət Neft Fondunu yaratmaqda məqsədi neft gəlirindən gələcək nəsillərin də bəhrələnməsini təmin etməkdir. Fondun əsasnaməsində eyni zamanda göstərilir ki, buraya toplanan vəsaitlərin müəyyən hissəsi Azərbaycanın sosial iqtisadi inkişafına, xalqın maddi rifahına yönəldilməlidir. Fondun fəaliyyətinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişafına təkan vermək, strateji əhəmiyyət kəsb edən enerji layihələrini, eləcə də mühüm sosial layihələrini müəyyənləşdirmək, eyni zamanda, hasilatda şəffaflıq prinsipini təmin etməkdən ibarətdir. Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun ninkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəllərində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.