Gündəm / Mədəniyyət

Mədəniyyət Nazirliyi ilə ABŞ səfirliyi arasında Anlaşma Memorandumu imzalanıb


Avqustun 19-da Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Li Litzenberger ilə görüşüb.

Nazirlikdən  verilən məlumata görə, səfirə fəaliyyətində uğurlar arzulayan Anar Kərimov Azərbaycanla ABŞ arasında humanitar sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib.

Görüş zamanı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında “Amerika guşələri” proqramı çərçivəsində əməkdaşlıq haqqında” yeni Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, nazirliklə səfirlik arasında 2017-ci ildə imzalanan Anlaşma Memorandumuna əsəsən, Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” yaradılıb. Qarşılıqlı razılıq əsasında növbəti üç il müddətinə yeni sənəd imzalanıb. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ABŞ-ın Azərbaycan Respublikasında Səfirliyi 2020 – 2023-cü illərdə Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” kimi tanınan ictimai informasiya və fəaliyyət mərkəzlərini dəstəkləməkdə birgə əməkdaşlığının davam etdirilməsini nəzərdə tutur.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi guşələrin fəaliyyət göstərməsinə dəstəyi təmin edəcək. Öz növbəsində səfirlik guşələri Birləşmiş Ştatlar haqqında, habelə ikitərəfli maraqlara uyğun mövzularda çap edilmiş ədəbiyyat və internet əsaslı elektron resurslarla, ABŞ-ın dövri mətbuatına abunə və Amerika filmlərinin nümayişinə icazəni nəzərdə tutan lisenziya ilə təmin etməyi üzərinə götürür. Hər bir guşənin vebsaytının fəaliyyəti və mütəmadi qaydada yenilənməsi də səfirlik tərəfindən həyata keçiriləcək. Eyni zamanda nazirlik və səfirliyin birgə əməkdaşlığı ilə guşələrin işçiləri üçün treninq və məşvərətlər təşkil ediləcək.

Səfir Örl Litzenberger layihənin regionlarda yaşayan azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib. Səfir Anlaşma Memorandumunun yenidən imzalanmasının əhəmiyyətini bildirib.

Ölkəmizin mədəniyyət və tarixi abidələrinin bərpasına səfirliyin ənənəvi dəstəyinin davam etdirilməsi və mədəniyyət sahəsində menecerlərin yetişdirilməsi üçün birgə treyninq layihələrinin həyata keçirilməsi, mədəniyyət sahəsində rəqəmsallaşmanın inkişafı ilə bağlı əməkdaşlığın gücləndirilməsi, yaradıcı sənayelərin inkişafı üçün təcrübə mübadiləsinin aparılması ilə bağlı mövcud əməkdaşlığın daha da genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan incəsənət xadimlərinin ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyi, eyni zamanda ABŞ sənətçilərinin Bakıda keçirilən Caz festivallarında çıxış etdiyi diqqətə çatdırılıb.