Gündəm / Siyasət

"Rusiya hakimiyyət mənsublarının Paşinyana münasibəti mənfidir və düşünürlər ki..."


"Tovuz ətrafındakı döyüşlər zamanı Ermənistan hakimiyəti düşünürdü ki, Rusiya birmənalı onlara dəstək verəcək, amma Azərbaycan ordusu Ermənistan ərazilərinə cavab zərbələri endirdi".
Bunu açıqlamasında Tovuz ətrafındakı döyüşləri şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiya hakimiyyət mənsublarının Paşinyana münasibəti mənfidir və düşünürlər ki, inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan qərbə daha çox meyillidir, ona görə də onu müdafiə etməyə dəyməz:
"Rusiya proseslərə o qədər də müdaxilə etmədi. Halbuki Ermənistanda düşünə bilərdilər ki, Rusiya ilə Ermənistan arasında hərbi saziş var, hərbi bazalar var və Rusiyanın Ermənistan ərazisinin qorunmaq kimi üzərində bir məsuliyyəti var. Amma Rusiya çox da qarışmadı, balanslı mövqe tutmağa çalışdı. Bu da əslində bizim xeyirimizə idi. Düzdür, Rusiya mətbuatında Azərbaycan əleyhinə yenə də yazılar yayımlandı, amma hakimiyyət təmsilçiləri açıq-aşkar Azərbaycan əleyhinə açıqlamalar vermədilər. Sadəcə dedilər ki, atəşkəsə riayət etmək lazımdır, döyüşləri saxlamaq lazımdır.
Digər tərəfdən Rusiya hakimiyət mənsublarının, Rusiya mediasının Paşinyana münasibəti mənfidir və düşünürlər ki, inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan qərbə daha çox meyillidir, ona görə də onu müdafiə etməyə dəyməz. Amma bu o demək deyil ki, Rusiyadakı siyasi mərkəzdə Paşinyana münasibət mənfidirsə Ermənistandan əl çəkməyə hazırdırlar. Hər halda Rusiyadakı siyasi və hərbi mərkəzlər Azərbaycanın Ermənistan üzərində də güclü olmasını istəmirlər. Buna baxmayaraq Azərbaycanın məqsədi heç vaxt Ermənistana hücum etmək olmayıb, işğal altındakı torpaqları, Dağlıq Qarabağ və ətraf rayonları azad etmək olub".
Politoloq qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaqın güclənməsi torpaqların azad olunması məsələsində güclü amillərdən birinə çevrilir:
"Rusiya Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın da Azərbaycana aid olduğunu tanıyır. Bu baxımdan gələcəkdə və yaxud istədiyimiz an biz Dağlıq Qarabağ ətrafındakı rayonları da boşaltmaq əməliyatına başlasaq, qarşısımzda kimsə dayanmamalıdır. Rusiya necə deyə bilər ki, Ağdamı, Füzulini, Cəbrayılı azad etməyin? Bizim torpaqlardı, yaşayış da yoxdur. Bizim tam haqqımız çatır ki, həmin əraziləri, Dağlıq Qarabağ ətrafındakı əraziləri, daha sonra Şuşa, Kəlbəcər, Laçını azad edək. Bu, bizim tam haqqımızdır. Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaq güclənib. Bu da torpaqların azad olunması məsələsində güclü amillərdən birinə çevrilir".