Gündəm / İqtisadiyyat

“Fud Siti” bazarında bərabərlik prinsiplərinə davam edəcəyik” - Qod Nisanov


 “Kiyev meydanı” şirkətlər qrupu “Fud Siti” bazarında və digər obyektlərin fəaliyyətində bərabərlik prinsiplərinə riayət etməyə davam etmək niyyətindədir.
Xəbərlər informasiya agentliyi forbes.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin Direktorlar Şurasının sədri Qod Nisanov bildirib. Onun sözlərinə görə, səhmdarlar və rəhbərlik obyektlərdə işləyən insanların milli mənsubiyyətinə fərq qoymadan, vahid yanaşma, rahatlıq və təhlükəsizlik prinsiplərini gözləyərək onların çalışmasına şərait yaradacaqlar.
Nisanovun sözlərinə görə, qrupa aid olan şirkətlər fəaliyyət göstərdiyi illər ərzində milliyyətindən və dinindən asılı olmayaraq istehlakçıların, tərəfdaşların və icarədarların maraqlarını qoruyub:
““Kiyev meydanı” şirkətlər qrupunun səhmdarları və rəhbərləri obyektlərimizdə işləyən hər kəs üçün ən rahat və təhlükəsiz şəraitin yaradılmasına xüsusi diqqət yetirərək bu prinsiplərə riayət etməyə davam etmək niyyətindədirlər”.
Xatırladaq ki, iyulun 12-də Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarından sonra Ermənistan sahibkarlarına məxsus məhsul dolu yük maşınları  “Fud Siti” kənd təsərrüfatı məhsulları bazarından çıxarılmış, erməni ticarətçilərin məhsullarına boykot elan olunmuşdu.